
Azərbaycanda mikrokredit bazarı sürətlə genişlənir. Artıq hər kəsə tanış olan "zəmanətsiz və sürətli kredit" vədləri bir çox yeni platformaların yaranmasına səbəb olub. Amma bəzi hallarda bu platformaların arxasında qeyri-şəffaf sxemlər və çaşdırıcı oyunlar var.
FinFly-ın araşdırmasına əsasən, nümunələrdən biri SF Azerbaijan adlı Bank olmayan kredit təşkilatıdır (BOKT). Bu şirkət daha çox Manato brendi ilə tanınır. Lakin indi məlum olur ki, şirkət başqa bir adla – Pulum.az adı altında da fəaliyyət göstərir və vətəndaşlara kredit təklif edir.
Yalnız SF Azerbaijan rəsmi reyestrdədir
Önəmli məqam odur ki, Azərbaycan Mərkəzi Bankının rəsmi Bank olmayan kredit təşkilatları reyestrində yalnız "SF Azerbaijan" qeydiyyatdan keçib. "Manato" və "Pulum.az" adları isə bu siyahıda ümumiyyətlə yoxdur. Bu isə o deməkdir ki, bu iki brend hüquqi baxımdan ayrıca fəaliyyət göstərmir və əslində SF Azerbaijan-ın kommersiya adlarıdır. Bu isə istifadəçini çaşdırır və qərar vermə prosesinə təsir edir.
Eyni təşkilat – iki fərqli ad
Pulum.az saytı ilk baxışdan müstəqil bir mikrokredit platforması kimi görünür. Dizayn, təqdimat, brend adı – hamısı fərqlidir. Amma araşdırma aparıldıqda məlum olur ki, bu saytın arxasında da elə SF Azerbaijan dayanır.
Saytda göstərilən hüquqi məlumatlar SF Azerbaijan ilə bağlılığı açıq şəkildə göstərir. Deməli, Pulum.az heç də ayrıca bir platforma deyil – bu, eyni kredit məhsulunun başqa ad altında təqdim olunmasıdır.
Sxem necə işləyir?
Pulum.az vasitəsilə kredit almaq istəyən vətəndaşlar maraqlı bir ssenari ilə qarşılaşırlar: sistem kredit müraciətinə imtinа verir, amma dərhal təklif edir ki, "partnyor" Manato platforması vasitəsilə kredit alınsın.
Bu halda bir sıra suallar ortaya çıxır:
- Niyə bir şirkət eyni xidməti iki fərqli ad altında təklif edir?
- Niyə Pulum.az müştəriyə kredit vermir, amma onu Manato-ya yönləndirir?
- Bu, sadəcə marketinq hiyləsidir, yoxsa istifadəçiləri çaşdırmaq üçün düşünülmüş bir plan?
Hüquqi tərəfdən nə baş verir?
Qanunvericilik maliyyə təşkilatlarından şəffaf və aydın fəaliyyət tələb edir. Təbii ki, bir şirkətin bir neçə brend adı ilə fəaliyyət göstərməsi birbaşa qadağan olunmur. Amma eyni məhsulun fərqli platformalar vasitəsilə təqdim edilməsi istehlakçının aldadılması kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, Manato və Pulum.az-ın bir-birinə bağlı olduğunu göstərən heç bir açıq məlumatın olmaması, istifadəçiləri çaşdırmaq məqsədi güdə bilər.
Qara biznes, yoxsa "boz" sxem?
Bir kredit təşkilatının öz məhsulunu müxtəlif adlarla və fərqli saytlar vasitəsilə təklif etməsi, üstəlik, biri vasitəsilə imtina verib digəri ilə təklif göndərməsi, etikadan kənar və şübhəli bir təcrübə kimi görünür.
Artan faiz dərəcələri, gecikdirilmiş ödənişlər və istifadəçi şikayətləri fonunda bu cür halların daha da araşdırılması vacibdir.