
Binance Azərbaycanda interaktiv "kripto qovşağı" açmağı planlaşdırır.
Bu barədə FinFly-a Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional direktoru Kirill Xomyakov bildirib.
"Biz Azərbaycanda dövlət təşkilatlarından biri ilə birlikdə interaktiv mərkəz - Binance Hub yaratmağı planlaşdırırıq. Bu, insanların suallarını verə biləcəyi, seminarlarda, təhsil proqramlarında iştirak edə, təcrübə mübadiləsi və həmçinin hakatonlarda iştirak edə biləcək kriptovalyuta mərkəzi olacaq. Əslində bu kriptovalyuta fəaliyyətinin mərkəzinə çevriləcək, burada biz öz layihələrimizi təklif etməyə hazır olacağıq, lakin ilkin mərhələdə iştirak edən tərəflər öz layihəsini təklif edəcəklər. Biz bu mərkəz ilə bağlı konsepsiya hazırlayırıq", - deyə, Xomyakov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Binance Azərbaycanda müxtəlif təşkilatlardan maraq və əməkdaşlıq etmək istəyi qeydə alıb.
"Hazırda biz ölkədə kriptovalyuta bazarının tənzimlənməsini gözləyirik. Bu müddət ərzində biz ən yüksək keyfiyyətli xidmət göstərməyə çalışırıq: tətbiq interfeysinin lokallaşdırılması, dəstək xidməti, Azərbaycan bazarına optimizasiya edilmiş proqramlar və marketinq kampaniyaları işə salmağa planlaşdırırıq. Biz əsas diqqəti maarifləndirici təşəbbüslərə yönəldirik", - deyə regional direktor əlavə edib.