
Asiya İnkişaf Bankı (AİB) Türkiyəyə regional üzv statusu verdiyini elan edib.
FinFly xəbər verir ki, bu qərar, ölkənin Mərkəzi və Qərbi Asiyada mövqelərini gücləndirəcək mühüm addım kimi qiymətləndirilir.
Yeni statusun elan olunması AİB-in Milanda keçirilən 58-ci illik toplantısı çərçivəsində baş tutub. Bankın Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov bildirib ki, bu status Türkiyəyə bankın maliyyə resurslarına, texniki dəstəyinə və potensialın artırılması proqramlarına çıxış imkanı yaradacaq. Toplantı zamanı həmçinin dövlət zəmanəti olmayan layihələr üzrə çərçivə sazişi imzalanıb.
Qeyd edək ki, Türkiyə 1991-ci ildə AİB-ə regional olmayan üzv kimi qoşulmuşdu. Yeni status sayəsində ölkə bankın adi kapital resurslarına çıxış və tam hüquqlu əməliyyat iştirakçısı statusu qazanır.
AİB-in prezidenti Masato Kanda deyib: “Türkiyəni AİB-in yeni regional üzvü kimi səmimiyyətlə salamlayırıq. Bu qərar tərəfdaşlığımızda yeni mərhələnin başlanğıcını və Türkiyənin Asiya-Sakit okean regionu ilə artan əməkdaşlığını simvolizə edir”.
Türkiyənin AİB-dəki nümayəndəsi Osman Çelik bu qərarı “tarixi addım” adlandırıb: “Keçid dövründə göstərilən dəstəyə görə üzv ölkələrə və AİB rəhbərliyinə təşəkkür edirik. Yeni statusda Türkiyə regionun dayanıqlı və inklüziv inkişafına töhfə verməyə sadiqdir”.
AİB qeyd edir ki, Türkiyəyə veriləcək kreditlərin həcmi layihələrin tələbi və hazırlıq səviyyəsinə uyğun müəyyən olunacaq. Bankın Türkiyə ilə ilk kredit əməliyyatlarına 2025–2027-ci illəri əhatə edən Müvəqqəti Tərəfdaşlıq Strategiyası təsdiq edildikdən sonra başlanacağı gözlənilir.
Əməkdaşlıq Türkiyənin 2024–2028-ci illəri əhatə edən On ikinci İnkişaf Planına əsaslanacaq. Əsas prioritet sahələrə dayanıqlı inkişaf, regional əlaqəlilik, su və şəhər inkişafı, kənd təsərrüfatı, təbii resursların idarə olunması, infrastruktur və maliyyə inklüzivliyi daxildir. Həmçinin digər inkişaf tərəfdaşları ilə birgə maliyyələşdirmə və özəl kapitalın cəlb olunması da planlaşdırılır.